CƏMİYYƏT
Balakən rayon sakininin yaşadığı evin həyətyanı sahəsində külli miqdarda narkotik maddə aşkarlanıb
Bakı, 19 iyun, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat əsasında iyunun 16-da Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib. Bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla, ümumilikdə, 30 çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki iki ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.
Qeyd edək ki, həmin şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.
A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, rayon polis şöbəsində fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3 -cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.