İDMAN
Roman Qrojan: Bakıda sanki iki tras birində birləşib
Bakı, 19 iyun, AZƏRTAC
AZƏRTAC “F1News.ru”ya istinadla xəbər verir ki, “Haas F1” yürüşçüləri bir il əvvəl Bakıda xal toplamayıblar, amma pilot Roman Qrojan növbəti həftə sonunun məhsuldar olacağına ümid bəsləyir.
Sual: “Haas F1”in “Formula-1”də ikinci mövsümünün üçdəbir hissəsi geridə qalıb. Siz komandanın nəticələrini və inkişafını necə qiymətləndirirsiniz?
Roman Qrojan: Mövsümün əvvəli yaxşı oldu. Biz 2016-cı illə müqayisədə müxtəlif istiqamətlərdə inkişafa nail olduq, sabitliyi artırdıq. Ötən ilin eyni dövrü ilə müqayisədə daha çox xal topladıq. Bu da çox yaxşıdır.
Bir çox sahələr məharətimizi artırmağı tələb edir və biz bunu etmək niyyətindəyik. Amma bütövlükdə komandanın inkişafından razıyam.
Sual: Kanadada nəticələr yenə də bir-birinə çox yaxın olub. Hamı “Ferrari” ilə “Mersedes”in mübarizəni müzakirə edib. Bəs “Force India”, “Toro Rosso”, “Williams”, “Renault” və “Haas”ın iştirak etdikləri orta qrupdakı mübarizə barədə nə deyə bilərsiniz?
Roman Qrojan: Bu qrupda mübarizə çox maraqlıdır. Əgər üç ən güclü komanda götürülsə və orta qrup saxlansa, onda hər yürüşdə fərqli komandalar qalib gələr. Kanadada təsnifatda poul-mövqe ilə ikinci yer arasında fərq 10-dan 17-dək, yaxud 18-dək olan yerlərdəkindən daha çox oldu. Nəticələr bir-birinə o qədər yaxındır ki, hər dəfə maşının potensialından 100 faiz istifadə etmək lazım gəlir.
Sual: Ötən il siz Bakıda ilk dəfə yeni trası sınaqdan keçirmişiniz. Daha əvvəl bu trasla yalnız simulyatorda işləmisiniz. Trasın virtual surəti onun gerçəyinə nə dərəcədə oxşayır?
Roman Qrojan: Simulyatorlar çox kömək edir. Amma real tras dövrəsi ilə heç nə müqayisəyə gəlmir. Virtual konfiqurasiya heç vaxt reallıqla yüz faiz üst-üstə düşmür, xüsusən söhbət birinci Qran-Pridən gedəndə. Həmişə əvvəlcə piyada gəzmək, sonra ilk dövrələrdə uyğunlaşmaq, tədricən sürəti artırmaq lazımdır.
Sual: Debütü ötən il olan Bakı trası şəhər traslarından ən sürətlisi olub. Bu il maşınlar daha enli və sürətlidir. Qarşıdakı mərhələdən nə gözləyirsiniz?
Roman Qrojan: Mərhələ maraqlı olacaq. Bəzi sahələrdə daha enli maşınların sükanı arxasında müəyyən çətinliklər yaranacaq, bəzilərində sürəti artırmaq daha xoş olacaq. Düz yolda böyük sıxma qüvvəsinə görə maksimum sürət bir qədər azalacaq.
Düşünürəm ki, Bakıda ləng tormozlanan yeni nəsil maşınlarda çıxış etmək və döngələrdə maksimum sürəti saxlamaq istəyi çox maraqlı olacaq.
Sual: Ötən il Bakıda toplanmış müəyyən informasiya indi kömək edə, yaxud yeni nəsil maşınlara tətbiq edilə bilərmi?
Roman Qrojan: Maşınlar hətta bir-birindən ciddi şəkildə fərqlənsə belə, faydalı ola biləcək çoxsaylı aspektlər var. Biz bir il əvvəl trasa uyğunlaşmaq üçün istifadə etdiyimiz vasitələri xatırlayacaq və yürüşdə daha yüksək nəticə əldə etmək barədə düşünəcəyik. Biz bu informasiyanı yeni maşınlara necə uyğunlaşdıracağımızı bilirik.
Sual: Yeni Qran-Prilər üçün debüt olan mövsümdə bəzən problemsiz ötüşmür. Bakıda ötənilki yürüş xoşunuza gəldimi?
Roman Qrojan: Bəli, yürüş yaxşı keçdi. Gözəl şəhər, maraqlı konfiqurasiyalı trasdır. Yeganə problem havada uçuşan polietilen paketlərlə bağlıdır. Onlar radiatora düşərək yürüşdə xal itirməyimizə səbəb olurdu. Ümid etmək istərdim ki, bu problem həll ediləcək. Qalan məsələlərdə Bakıdakı həftə sonu əla keçdi.
Sual: Bakı trasının hansı sahəsini ən mürəkkəb sahə sayırsınız?
Roman Qrojan: Mən qala boyunca dağa qalxaraq bulvara qayıdan uzaq sahəni deyərdim. Son iki döngə də yetərincə mürəkkəbdir.
Sual: Bəs trasın hansı hissəsi daha çox xoşunuza gəldi?
Roman Qrojan: Elə həmin hissə. Sürətli və çox maraqlı sahədir. Orada döngələrdə və tormoz verəndə optimal müvazinətə nail olmaq lazımdır. Əgər buna nail olursunuzsa, əsl zövq alırsınız?
Sual: Bakı trasını təsvir edin...
Roman Qrojan: Onun birinci hissəsinə uzun düz yol və 90 dərəcəlik döngələr qarşısında kəskin tormoz vermələr daxildir. Bir o qədər də maraqlı sahə deyildir. Amma orada ötmək olar. Sonra trasın xarakteri dəyişir. Tras qala ətrafında dağa qalxır. Ora çox sürətli sahədir. Son iki döngədə isə o, uzun yoldan əvvəl aşağı gedir. Sanki iki müxtəlif tras birində birləşib!