İQTİSADİYYAT
Azərbaycan Gürcüstanda yeraltı qaz anbarının tikintisi ilə bağlı tenderdə iştirak edəcək
Tbilisi, 24 iyun, AZƏRTAC
“Gürcüstan Neft və Qaz Korporasiyası ölkədə yeraltı qaz anbarının tikintisi ilə əlaqədar işləri başa çatdırıb və yaxın vaxtlarda tender elan ediləcək. Azərbaycan da bu tenderdə iştirak edəcək”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov söyləyib. “Biz tenderdə iştirak edəcəyik. Lakin görüləcək işlər barədə yalnız tenderin nəticələri elan olunduqda sonra danışa bilərik. Bu günədək keçirilən bütün mərhələlərdə Azərbaycan tərəfi müşahidəçi olub və prosesləri yaxından izləyir” – deyə o əlavə edib.
M.Məmmədovun sözlərinə görə, SOCAR Gürcüstan Neft və Qaz Korporasiyasının bu ölkədə iki təcrübə quyusunun qazılması ilə bağlı elan etdiyi tenderdə qalib gəlib. Lakin sonradan Gürcüstan tərəfindən tenderin nəticələri ləğv olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi