CƏMİYYƏT
Orta təhsil haqqında attestat planetdə yoxsulluğu azaltmağa aparan yoldur
Bakı, 24 iyun, AZƏRTAC
Yaşlı insanların ən azı orta təhsil haqqında attestatı olsaydı, planetdə yoxsulluq göstəricisi ikiqat azalardı.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, UNESCO-nun məlumatına görə, bir sıra ölkələrdə əhalinin heç də hamısı hələ də orta məktəbi bitirmir. Halbuki təhsil əmək bazarında rəqabət qabiliyyətinin ən mühüm elementidir.
UNESCO-nun yeni tədqiqatında deyilir: “Yaşlı insanların tam orta təhsili olması 420 milyon nəfəri dilənçi vəziyyətindən xilas edər və planetdə yoxsulların ümumi sayının ikiqat azalmasına, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində və Cənubi Asiya regionunda isə yoxsulluq göstəricilərini üç dəfə azaldardı”.
Lakin potensial təhsil imkanlarına baxmayaraq son illərdə məktəb təhsili ilə əhatə olunamayan uşaqların sayının azaldılmasında praktiki olaraq irəliləyiş əldə edilməyib. İbtidai məktəb yaşında olan uşaqların 9 faizi təhsil almaq hüququndan hələ də məhrumdur.
Gənc oğlan və qızların 37 faizi orta məktəbi bitirmir. 2015-ci ildə dünyada məktəb təhsili ilə əhatə olunmayan uşaqların, yeniyetmə və gənclərin ümumi sayı 264 milyon olub.
Bu gün ibtidai məktəb yaşında olan 61 milyon uşaq məktəbə getmir. Əgər indiki meyllər davam edərsə, bu uşaqların 17 milyon nəfəri heç vaxt parta arxasında əyləşə bilməyəcək.
UNESCO ekspertləri əhalinin ən yoxsul təbəqələrinin təhsil almasını təmin etmək üçün bütün imkanlardan istifadə etməyə çağırırlar. Bu, dünyada qeyri-bərabərliyi əhəmiyyətli dərəcədə azaltmağa imkan verər.