REGİONLAR


Naxçıvanda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzindədir

Naxçıvan, 17 iyul, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikasından əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması da vacib və əhəmiyyətli məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasının iclas zalında “Tibbi etika və deontologiya” mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, əhalinin sağlamlığının qorunması dövlətin öz vətəndaşlarına göstərdiyi xüsusi qayğısından irəli gəlir. Bütün bunlar nəzərə alınaraq, bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin əmri ilə “Həkimlərin etik davranış qaydaları” təsdiq edilərək bu aydan etibarən icraya götürülüb.

Diqqətə çatdırılıb ki, bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur. Odur ki, həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkim öz vəzifələrini xəstənin yaşından, cinsindən, irqindən, milliyyətindən, dini əqidəsindən, sosial vəziyyətindən, siyasi baxışlarından, vətəndaşlığından və maddi vəziyyəti də daxil olmaqla, başqa mənsubiyyətlərindən asılı olmayaraq yerinə yetirməlidir. Bu qaydaların tələbləri, eyni zamanda, orta tibb işçilərinə də şamil olunur.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası pulmonologiya bölməsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar Həkimi Arif Rzayev, baş həkimin müalicə və profilaktika işləri üzrə müavini Ramazan Abbasov, həkim-statist Çinarə Əhmədova, travmatoloq Adil Məmmədov və başqaları çıxış ediblər. Qeyd olunub ki, həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, diqqətli olması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması, xəstələrin müalicəsi və diaqnostikasında kliniki və deontoloji əsaslandırması, konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır.

Çıxışlar videogörüntülərlə müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.