MƏDƏNİYYƏT
“Ağabalanın zabullu rastı” bədii kompozisiyasının təqdimatı olub
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Ağabalanın zabullu rastı” bədii kompozisiyasının təqdimatı olub. Tədbir görkəmli xanəndə Ağabala Abdullayevə (1910-1976) həsr edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə layihə rəhbəri Əliheydər Beyləqanlı çıxış edərək xanəndənin yaradıcılığından söz açıb. Qeyd olunub ki, Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş Ağabala Abdullayev yetkinlik yaşından ömrünün sonunadək Füzuli rayonunda yaşayıb.
Bildirilib ki, muğam sənətinin incəliklərinə dərindən yiyələnmiş A.Abdullayev özünəməxsus ifaçılıq məktəbini yaradıb. Yaşlı nəslin nümayəndələri onun ifasında “Zabul-segah” və “Rast” muğamlarını, “Boz at” mahnısını yaxşı xatırlayırlar. A.Abdullayev ecazkar səsi ilə muğamın bədii dəyərini dinləyiciyə çatdırmağa, bu bənzərsiz sənətə yeni nəfəs gətirməyə müvəffəq olub. Xalqın öz sevimli xanəndəsinə “Zabul Ağabala” adı verməsi də təsadüfi deyil.
Sonra tədbir iştirakçıları xronometrajı 12 dəqiqə olan “Ağabalanın zabullu rastı” bədii kompozisiyası ilə tanış olublar. Tədbir gənc ifaçıların konsert proqramı ilə davam edib.