İQTİSADİYYAT
Nizami rayonunda 2017-ci ilin birinci yarısında 211,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Nizami Rayon İcra Hakimiyyətində rayonun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binasının foyesindəki büstünün önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə iyulun 12-də keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı aparılan ardıcıl və köklü islahatların nəticəsində qazanılan iqtisadi uğurlardan ətraflı bəhs edib. A.Qasımov Prezidentin dövlət tərəfindən sahibkarlara güzəştli şərtlərlə kreditlər verildiyini, sosial məsələlərin həllinin daim diqqət mərkəzində saxlanıldığını, beş milyondan çox insanın bu il pulsuz müayinədən keçdiyini, inşaat sektorunda canlanmanın müşahidə olunduğunu, sosial infrastruktur obyektlərinin tikintisinin aparıldığını, sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atıldığını, kənd yolları və Bakı şəhərində böyük yol infrastrukturu layihələrinin icra edildiyini söylədiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin dövlət başçısının bu ilin inkişaf ili olacağını bildirdiyini və sonrakı illərdə də Azərbaycanın öz iqtisadi potensialını daha da gücləndirəcəyini əminliklə vurğuladığını söyləyib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2017-ci ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.
İ.Mehdiyev respublikada olduğu kimi, Nizami rayonunda da hesabat dövründə uğurlar əldə olunduğunu, iqtisadi baxımdan rayonun inkişaf etdiyini, yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd edib.
O, 2017-ci ilin yanvar-iyun aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 211,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, istehsalın 27,4 faizinin qeyri-dövlət sektoruna aid olduğunu, ixrac olunmuş malların dəyərinin 1,7 milyon manat təşkil etdiyini, öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcminin 52,0 milyon manat olduğunu, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 31,8 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 1037,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 109,7 milyon manat olduğunu, rabitə sahəsində ötən ilin müvafiq dövrünə nisbətən 12,6 faiz artaraq 179,3 milyon manat, nəqliyyat sahəsində isə 65,7 milyon manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Həmçinin cari ilin yanvar-iyun aylarında rayonda 2270 yeni iş yeri açıldığını, orta aylıq əmək haqqının ötən ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 645,3 manat təşkil etdiyini söyləyib.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov dövlətimizin başçısı İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını söyləyiblər.