CƏMİYYƏT


Özbəkistanlı jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir

Bakı, 17 iyul, AZƏRTAC

Özbəkistanlı jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti ilk olaraq BAMF-ın ofisində olub. Burada fondun prezidenti Umud Mirzəyevlə təşkilatın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, nümayəndə heyətinin səfəri yüksək səviyyədə baş tutacaq və onlar Azərbaycan barəsində həqiqətləri öz gözləri ilə görəcəklər.

Bu gün nümayəndə heyəti, həmçinin Azərbaycan Mətbuat Şurasında olub.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura medianın özünütənzimləməsini həyata keçirən qurumdur və sıralarında ölkənin aparıcı kütləvi informasiya vasitələrini və jurnalist təşkilatlarını birləşdirir. Qurumun başlıca missiyası isə media fəaliyyəti ilə bağlı vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır.

Ə.Amaşov, həmçinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın torpaqlarının işğalı faktına da diqqət yetirib. O bildirib ki, 20 ildən artıqdır davam edən erməni işğalı 1 milyondan çox Azərbaycan vətəndaşını öz doğma yurd-yuvasından didərgin salıb. “Mən istərdim ki, siz Özbəkistan jurnalistləri, ölkənizin ziyalıları bu məsələyə həssas yanaşasınız. Qarabağ həqiqətlərini Özbəkistanda təbliğ edəsiniz. Hesab edirəm ki, bu, həm dost özbək xalqının dəstəyi olar, həm də biz jurnalistlər arasında həmrəyliyi möhkəmləndirər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, səfərdə məqsəd ilk olaraq Özbəkistan mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları haqqında, ölkəmizin ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına, ikitərəfli əlaqələrin inkişafına dəstək olmaqdır.

Nümayəndə heyətinin sabah cəbhəyanı rayonları ziyarət etməsi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.