REGİONLAR
Qəbələdə tikinti-quruculuq işləri geniş vüsət alıb
Qəbələ, 20 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
İlin ilk altı ayı Qəbələ rayonu üçün də uğurlu olub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 67034 min manatlıq məhsul istehsal edilib, ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 2,5 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı üzrə sənayedə 17,9 faiz, kənd təsərrüfatında 16,5 faiz, nəqliyyatda 5,9 faiz, ticarətdə 20,8 faiz, rabitədə 3 faiz artım olub. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 639 manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu faktlar ötən 6 ay ərzində Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, 2017-ci ilin 6 ayı ərzində Qəbələ rayon Məhkəməsi, Qəbələ rayon Kənd Təsərrüfatı İdarəsi, Qəbələ Peşə Liseyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ rayon Prokurorluğu, Gömrük Akademiyası üçün inzibati binaların inşası, atçılıq mərkəzi, “Qafqaz Aqua Land Hotel” və “Qafqaz Diamond Akvapark” istirahət mərkəzinin tikintisi, Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib.
Ötən yarım ildə şəhərin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli binanın dam örtüyündə təmir işləri aparılıb, “Xalça toxuculuğu” müəssisəsində tikinti işləri görülüb və hazırda inşaat işləri davam etdirilir. Bununla yanaşı, şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov küçəsinin 300 metrlik hissəsində və Qarabağ müharibəsi əlillərinə və şəhid ailələri üçün inşa edilmiş 2 ədəd ikimərtəbəli və 1 ədəd dördmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə Qəbələ şəhərində, qəsəbə və kəndlərdə 14 ədəd yeni transformator yarımstansiyaları quraşdırılıb. İl ərzində 4408 nəfər yeni abonentə təbii qaz verilərək, əhali abonentlərinin sayı 16543-ə çatdırılıb. Bum, Nic qəsəbələrinə, Qəmərvan, Mirzəbəyli və Həmzəli kəndlərinə təbii qaz verilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasını və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Mirzəbəyli, Cığatelli, Seyidqışlaq, Məmmədağalı, Bəyli və Bunud kəndlərində subartezian quyuları qazılıb.
Bildirilib ki, rayonun iqtisadiyyatının əsasını taxılçılıq təşkil edir və bu ilin məhsulu üçün 21047 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Onun da 16262 hektarı buğda, 4785 hektarı arpa sahələridir. Hazırda sahələrdə taxıl biçini davam edir. Biçilmiş sahələrin məhsuldarlığı 32-33 sentner təşkil edir. Bu il 613 hektar kartof, 854 hektar tərəvəz əkilib. Fındıqçılığın mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, rayon ərazisində 900 hektar yeni fındıq bağları salınıb. Bu il 55 nəfər kümçü tərəfindən 2860 kiloqram barama istehsal edilib. Barama istehsalının artması ilə əlaqədar rayonda barama qəbulu və qurutması məntəqəsinin yaradılması nəzərdə tutulub. Bu il 70 hektar sahədə tütün əkilib.
Yığıncaqda idarə və təşkilat rəhbərlərinin hesabat məruzəsi dinlənilib, bir çox sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.