DÜNYA
Polşa: məhkəmə islahatı təxirə salınır
Bakı, 24 iyul, AZƏRTAC
Polşa Prezidenti Andjey Duda Ali Məhkəmə və Milli Məhkəmə Şurası barədə qanuna veto qoyacağını bildirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Duda, həmçinin sənəd parlamentin aşağı palatasında müzakirəyə çıxarılanadək onun məzmunu ilə tanış olmadığını etiraf edib və özünün qanun layihəsi hazırlayacağını deyib.
“Polşa məhkəmə sisteminin islahatına çox ehtiyac duyur və mən bunu tam dəstəkləyirəm. Lakin mən məhkəmə sisteminin normal fəaliyyətinə zəmanət verən və ədalət hissi oyadan ağıllı və müdrik islahatın tərəfdarıyam”, - Andjey Duda əlavə edib.
Ötən həftə Polşa Seyminin deputatları fikir ayrılığına səbəb olan qanun layihəsini qəbul edib ki, bu da ölkənin iri şəhərlərində kütləvi etiraz aksiyalarının başlamasına səbəb olub. Bu aksiyalarda on minlərlə insan iştirak edib. Hakim “Qanun və ədalət” partiyasının təşəbbüskarı olduğu yeni qanun Ali Məhkəməni hökumətdən və parlamentdən asılı vəziyyətə salır. Bir qədər əvvəl həmin sənəd Avropa Komissiyasında da tənqid olunub. Brüssel qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə Varşavanı ciddi nəticələrlə təhdid edib.