CƏMİYYƏT
Marneuli gənclərinə Gürcüstanın seçki sistemi barədə məlumat verilib
Tbilisi, 26 iyul, AZƏRTAC
Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri, hüquq elmləri magistri Əli Bədirov iyulun 25-də Marneulidə gənclərlə görüşüb.
Marneuli Mülki Məşğulluq Mərkəzində keçirilən görüşdə gənclərə vətəndaşların, xüsusən də milli azlıqların seçki hüquqları, seçkilərdə iştirak, səsvermə qaydaları və təbliğat kampaniyasının təşkili barədə məlumat verilib.
Ə.Bədirov bildirib ki, bu gün milli mənsubiyyətindən asılı olmayaraq hər bir Gürcüstan vətəndaşı seçkilərdə sərbəst iştirak edə bilir. Vətəndaşlar konstitusiya hüququndan istifadə etməklə sərbəst şəkildə öz seçimlərini edə bilirlər. Gürcüstan qanunvericiliyi buna tam imkan verir və qanunvericiliklə bütün vətəndaşlara eyni şərait yaradılıb.
Görüşdə seçki sistemlərinin təkmilləşdirilməsi sahəsində Avropa ölkələri, eləcə də qonşu dövlətlərlə əməkdaşlıq, Venesiya komissiyasının tövsiyələri əsasında Seçki Məcəlləsində edilmiş dəyişikliklər və digər məsələlər barədə fikir mübadiləsi aparılıb, Ə.Bədirov gəncləri maraqlandıran sualları cavablandırıb.
“Seçkilərin media mərkəzi” layihəsi çərçivəsində təşkil edilən bu cür görüşlər davamlı olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi