CƏMİYYƏT
Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilib
Bakı, 17 avqust, Emil Eyyubov, AZƏRTAC
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının dördüncü günündə 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni üzvlər seçilib.
AZƏRTAC xəbər verir ki, 19 namizəddən 12-si Dünya Skaut Komitəsinə üzv seçilib. Sevindirici haldır ki, Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı da seçilən üzvlər sırasındadır. Beləliklə, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Dünya Skaut Komitəsinin rəhbər orqanına daxil olub.
İlyas İsmayıllı AZƏRTAC-a müsahibəsində deyib ki, 40 milyon üzvü öz ətrafında birləşdirən Dünya Skaut Hərəkatı Təşkilatının Skaut Komitəsi kimi çox böyük bir ictimai təşkilatın üzvü olmaq böyük şərəfdir. Skaut Komitəsinin qəbul etdiyi qərarlar bütövlükdə təşkilatın inkişaf istiqamətini müəyyən edir. Skaut hərəkatının ölkəmizdə nisbətən gənc – 20 yaşı olduğunu nəzərə alaraq, deyə bilərəm ki, bu, Azərbaycan üçün böyük uğurdur.
“Mənim üçün Dünya Skaut Komitəsinin işində iştirak etməyim skautinqin inkişafına öz baxışıma müvafiq olaraq daha yaxşı kömək etmək imkanımın olması deməkdir. Hesab edirəm ki, Dünya Skaut Hərəkatı Təşkilatının coğrafiyasını, təşkilata daxil olan ölkələrin, xüsusən Mərkəzi Asiya regionundan olan ölkələrin sayını artırmaq lazımdır. Mərkəzi Asiya regionunda görüləsi işlər çoxdur. Həmçinin Dünya Skaut Hərəkatı Təşkilatının strukturunu yeniləmək lazımdır. Bunun uçun komitənin hər bir üzvü müəyyən istiqamətdə işləməlidir”.
Qeyd edək ki, Skaut Komitəsinə seçkilər hər 3 ildən bir keçirilir. Dünya Skaut Komitəsinin üzvü bu vəzifəni öz Milli Assosiasiyasının mövqeyi ilə birləşdirə bilməz. Ona görə də tezliklə Azərbaycan Skautlar Assosiasiyasında yeni prezident seçkisi keçiriləcək.