REGİONLAR
Xaçmazın dörd kəndində modul tipli məktəb binaları quraşdırılır
Xaçmaz, 17 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda şagird sayı 100-dək olan 4 məktəb üçün modul tipli binalar quraşdırılır. Belə binalar Gəncəli, Çılğır, Aşağı Ləyər və Əzizli kəndlərində quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, Gəncəli, Çılğır və Aşağı Ləyər kənd orta məktəbləri üçün modul tipli məktəb binasının quraşdırılması yekunlaşmaq üzrədir.
Səkkiz otaqdan ibarət olan binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır. Məktəblər istilik sistemi, internet, inventar və avadanlıqlarla təmin olunacaq.
Modul tipli binaların quraşdırılması nəzərdə tutulan təhsil ocaqlarının ikisi ümumi orta təhsil, biri ibtidai, biri isə tam orta məktəbdir.
Məktəblərin quraşdırılması yeni tədris ilinin əvvəlinə kimi yekunlaşacaq.
Qeyd edək ki, bu il ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub.