CƏMİYYƏT
Xətai rayonu ərazisində tullantıların yandırılması faktı aşkar olunub
Bakı, 17 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonu Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı maşın bazarının ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub. Araşdırma zamanı həmin ərazinin “Üzeyir-2” kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə müddətli “məcburi göstəriş” verilib.
İnzibati xəta törətdiyinə görə “Üzeyir-2” kiçik müəssisəsinin hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər qanunvericiliyə uyğun olaraq Xətai Rayon Məhkəməsinə göndərilib.