REGİONLAR
Zaqatalada səyyar “ASAN xidmət”ə indiyədək 2 mindən çox müraciət qeydə alınıb VİDEO
Zaqatala, 17 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Avqustun əvvəlindən Zaqatala şəhərində fəaliyyət göstərən səyyar “ASAN xidmət”in imkanlarından indiyədək 2 mindən çox bölgə sakini yararlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar xidmətlərin təşkili şöbəsinin baş məsləhətçisi, “ASAN xidmət”in səyyar avtobusunun qrup rəhbəri Vüqar Cəfərov məlumat verib.
Xatırladaq ki, “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 2017-ci ildə artıq ikinci dəfədir Zaqatalada sakinlərə səyyar formada xidmətlər göstərir. Bu xidmətlərdən qonşu rayonların sakinləri də yararlanırlar.
Əhaliyə xidmətlərin göstərilməsi üçün Zaqatala şəhərinin mərkəzində, rayon Mədəniyyət Mərkəzinin yaxınlığında xüsusi yer ayrılıb. Burada hamı üçün bərabər imkanlar yaradılıb. Vətəndaşlar növbə əsasında avtobusa daxil olur və müraciətlərini edirlər.
Xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Göstərilən xidmətlərin dairəsi genişdir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.
Səyyar “ASAN xidmət” Zaqatalada sakinlərə sentyabrın 1-dək xidmət göstərəcək.