MƏDƏNİYYƏT
Moskvalı gənc müğənni Müslüm Maqomayevin xatirəsini yad etmək üçün Bakıya gələndə... böyük sənətkarın kostyumunu geyib
Bakı, 18 avqust, AZƏRTAC
Əfsanəvi müğənni Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə onun xatirəsini yad etmək üçün keçmiş Sovet İttifaqının müxtəlif guşələrindən Bakıya çoxsaylı qonaqlar gəlib. Müslüm Maqomayevin yaradıcılığının Kiyev, Minsk, Simferopol, Xabarovsk, Moskva və digər şəhərlərdən gəlmiş pərəstişkarları bu böyük sənətkarın dəfn edildiyi Fəxri Xiyabanda onun məzarı üzərinə tər çiçəklər qoyublar.
AZƏRTAC xəbər verir ki, M. Maqomayevin doğum günü münasibətilə keçirilən tədbirdə moskvalı Andrey Katkov adlı bir gənc də olub. Onun əynində böyük müğənninin stilinə uyğun qara kostyum vardı. M.Maqomayevin pərəstişkarı olduğunu bildirən Andreyin sözlərinə görə, sevimli artistin məzarını ziyarət etmək üçün hər il anası ilə bərabər Moskvadan Bakıya gəlir.
Andrey iki yaşından bu böyük müğənni ilə tanış olub, çünki Andreyin anası Maqomayevin fotoqrafı idi. Oğlan hələ balaca ikən yaxşı vokal imkanlarına malik olması maestro Maqomayevin də diqqətini cəlb edib.
Gənc müğənninin anası Yelena Katkova deyib: “Andrey balaca olanda M. Maqomayevi doğum günü münasibətilə təbrik edir və onun üçün “Sinyaya veçnost” mahnısını ifa edirdi. Ümumiyyətlə, onlar konsertlərdə tez-tez görüşürdülər”.
Yelena Katkovanın sözlərinə görə, bir dəfə M.Maqomayev 1980-ci illərdə hər il keçirilən “İlin mahnısı” konsertində geydiyi kostyumunu özündən xatirə kimi Andreyə hədiyyə edib.
Ana və oğul Katkovlar deyiblər ki, Moskvaya qayıdandan sonra Andreyə müxtəlif konsert səhnələrində Müslüm Maqomayevin şərəfinə təşkil olunan konsertlərdə çıxış edəcək.
Andrey deyib: “Məni tez-tez Moskvadakı Azərbaycan diasporunun tədbirlərinə, habelə Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunan konsertlərə dəvət edirlər. Deyə bilərəm ki, mən moskvalılar arasında Bakını təbliğ edirəm. Avqustun 24-də Moskvada M.Maqomayevin xatirəsinə həsr edilmiş konsert gözlənilir, həmin konsertdə mənim də çıxışım nəzərdə tutulur”.
O daha sonra qeyd edib ki, avqustun 18-də Azərbaycan Dövlət Filarmoniyasının yanında bakılılar üçün çıxış edəcək, orada əlbəttə, böyük Maqomayevin repertuarından mahnılar ifa edəcək.
Yelena və Andrey Katkovlar indiyə qədər heç yerdə nümayiş etdirilməmiş fotoşəkilləri göstərib, M.Maqomayev haqqında şəxsi xatirələrini bölüşüblər.