REGİONLAR
Strateji yol xəritələri qeyri-neft sektorunun dirçəlişi baxımından böyük əhəmiyyətə malikdir
Astara, 18 avqust, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Astara Bilik Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə strateji yol xəritəsinə dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyevin “Müstəqillik illərində Azərbaycan dövlətinin investisiya siyasəti: strateji yol xəritəsi” mövzusunda mühazirəsi dinlənilib.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi üçün geniş imkan və perspektivlər açır. Bölgələrdə texnoparkların yaradılması isə respublikamızda son elmi-texniki tələblərə, müasir dünya standartlarına cavab verən məhsulların istehsalına, xaricdən bir sıra strateji malların idxalının azalmasına, ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə zəmin yaradır.
Sonra Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda məruzə ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, strateji yol xəritələri Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlişi baxımından böyük əhəmiyyətə malikdir. Bu strateji konsepsiyalar ölkəmizin davamlı iqtisadi inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Tədbirdə strateji yol xəritələrinin 12 istiqamət üzrə müəyyənləşdirilmiş əsas hədəfləri və bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələr ətraflı şərh edilib. Eyni zamanda, makroiqtisadi sabitliyin qorunub saxlanması, davamlı inkişafın təmin edilməsi və strateji konsepsiyaların reallaşması ilə bağlı təkliflər verilib.