MƏDƏNİYYƏT
Çinin sosial media jurnalistləri və blogerlərinin ölkəmizə səfəri təşkil edilib
Bakı, 18 avqust, AZƏRTAC
Milli Turizm Təbliğat Bürosu, Çin Hava Yolları, “Hertz Azerbaijan” və “My Way Travel” şirkətlərinin dəstəyi ilə Çinin sosial media jurnalistləri və blogerlərinin Azərbaycana səfəri təşkil edilib. Səfərin məqsədi Azərbaycan turizm potensialını nümayiş etdirərək ölkəmizi yeni hədəf bazarlarında tanıtmaq və daha çox turist cəlb etməkdir.
Bu barədə AZƏRTAC-a Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, avqustun 20-dək ölkəmizdə olacaq qonaqlar Bakının və regionların gözəl guşələrini, əlamətdar və tarixi yerlərini gəzəcək, milli təamlardan dadacaq, adət-ənənələrlə tanış olacaqlar. Çinli jurnalist və blogerlər ölkəmizlə tanış olarkən sosial media vasitəsilə birbaşa efirə çıxacaq, çoxsaylı izləyiciləri ilə fikirlərini bölüşəcəklər. Azərbaycan haqqında sosial mediada yayımlanan bu efirlər və yazılan statuslar Çində böyük maraq ilə qarşılanır.
Xatırladaq ki, Milli Turizm Təbliğat Bürosu turizmin inkişafı və ölkəyə turist axının artmasına yönəldilən müxtəlif layihələrə dəstək olur, xüsusi tədbirlər həyata keçirir.
Qeyd edək ki, 2016-cı ildə xarici ölkələrə səfər edən Çinli turistlərin sayı 135 milyon olub.