DÜNYA
Terrorçu olması güman edilən şəxs deportasiya olunana qədər həbsdə saxlanacaq
Berlin, 19 avqust, AZƏRTAC
Frankfurt-Mayn məhkəməsi öz ölkəsində terror aktı təşkil etməkdə və Almaniyada terror hücumu planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını AFR-dən deportasiya etmək məqsədilə onun həbs olunması haqda hökm çıxarıb.
Məhkəmənin bu qərarına əsasən terrorçu olması güman edilən şəxsin oktyabrın 23-dək həbsdə saxlanması nəzərdə tutulur. O vaxta qədərə bu şəxsin AFR-dən çıxarılıb Tunisə göndərilməsi güman edilir. 36 yaşlı tunislinin vəkili məhkəmənin həmin qərarından şikayət verib, lakin dairə məhkəməsinin nümayəndəsi bildirib ki, apellyasiya şikayətinə baxılana qədər bu adam ölkədən çıxarıla bilər. Bir gün əvvəl AFR Federal Məhkəmə Palatası tunislinin həbs edilməsi barədə orderi ləğv edib və o, yaxın vaxtlarda azadlığa çıxa bilərdi. Bu qərarın nəyə əsaslanması hələlik bildirilmir.
Bu şəxsin 2015-ci il mart ayında Tunisdəki Bardo Milli Muzeyində 20-dən çox adamın həlak olması ilə nəticələnmiş terror aktı təşkil etməsindən şübhələnirlər. Bununla əlaqədar, terrorçu olması ehtimal edilən şəxs 2016-cı ilin sentyabrından həmin ilin noyabrına qədər Almaniya ərazisində həbsdə saxlanılıb. Sonradan onun Almaniyadan çıxarılması nəzərə tutulurdu. Tunisin hakimiyyət orqanları tərəfindən bu şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edildiyinə baxmayaraq, bu adamın Almaniyadan çıxarılması üçün tələb olunan sənədlər vaxtında təqdim olunmayıb. Nəticədə tunisli həbsdən azad edilib və yalnız 2017-ci ilin fevral ayında Hessen federal əyalətində genişmiqyaslı antiterror əməliyyatı zamanı yenidən saxlanılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin