CƏMİYYƏT
Avqustun 19-u Amerikada Milli Bal Arısı , Ukraynada Arıçılar Günü kimi qeyd olunur
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 19-u Amerika Birləşmiş Ştatlarında Milli Bal Arısı Günüdür. Həmin gün cəmiyyətə arılar, onların həyat və iş rejimi, faydası haqqında məlumatlar çatdırılır. Milli Bal Arısı Gününü 2009-cu ildə ABŞ-da arıçılar təsis edib və hər il avqustun üçüncü şənbə günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, ölkədə Milli Bal Arısı Günü ilk dəfə avqustun 22-də - dördüncü şənbə günündə qeyd olunmağa başlayıb. Növbəti ildən isə onun avqustun üçüncü şənbə günü keçirilməsi qərara alınıb.
Arılar həyatımızda çox əhəmiyyətli rol oynayır. Arılar təkcə bal istehsal ilə məşğul olmur, bitki və ağacların tozlanmasında iştirak edərək müxtəlif meyvə və tərəvəzlərin əmələ gəlməsində pay sahibi olurlar.
Avqustun 19-u Ukraynada isə Arıçılar Günü kimi qeyd edilir. Onun əsası 1997-ci ildə eks-prezident Leonid Kuçma tərəfindən qoyulub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2007-ci ildə nəşr olunan hesabatına görə, Ukrayna Avropada əsas bal istehsalçısıdır.