REGİONLAR
Dövlət Gömrük Komitəsinin sədri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 21 avqust, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general – polkovniki Aydın Əliyev avqustun 25-də saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.