CƏMİYYƏT
“Könüllülər yurdu-Azərbaycan” layihəsi çərçivəsində növbəti tədbir Gəncədə təşkil edilib
Bakı, 21 avqust, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı və respublikanın 24 şəhər və rayonunu əhatə edən “Könüllülər yurdu - Azərbaycan” layihəsinin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, avqustun 10-da start götürən layihə çərçivəsində növbəti tədbir avqustun 20-21-də Gəncədə təşkil edilib.
Avqustun 20-də keçirilmiş təlimlərdə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşları Həsənxan Həsənxanlı və Elxan Şükürov Gəncə və Samuxdan olan 150-yə yaxın gəncə könüllülərin cəmiyyətə aşıladıqları dəyərlər və özünüinkişaf barədə məlumat veriblər.
Avqustun 21-də gənc iştirakçılar “Siqaretə qarşı mübarizə” aksiyası keçiriblər. Aksiya zamanı gənclər cəmiyyətə fayda verərək tütünün ziyanı, siqaretin insan sağlamlığına zərərləri haqqında vətəndaşları məlumatlandırıblar.
Sonda iştirakçılar ilk könüllü fəaliyyətlərinə görə sertifikatlarla təltif ediliblər.
“Könüllülər yurdu - Azərbaycan” layihəsi çərçivəsində könüllülər tərəfindən “Yol hərəkəti qaydaları”, “Heyvanların qorunması”, “Kitab oxuma”, “Hüquqi maarifləndirmə”, “Siqaretə qarşı mübarizə”, “Kitab mübadiləsi”, “Ətraf mühitin təmizlənməsi”, “Bərpa işləri” adlı sosial aksiyaların keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində mindən çox gəncin təlim və sosial aksiyalarda iştirakı, 80 mindən artıq vətəndaşın könüllülük fəaliyyəti haqqında məlumatlandırılması planlaşdırılır.
“Könüllülər yurdu - Azərbaycan” ilk dəfə 2015-ci ildə keçirilib.