DÜNYA
“Google” “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edib
Bakı, 22 avqust, AZƏRTAC
“Google” şirkəti “Android 8.0 Oreo” mobil əməliyyat sistemini təqdim edib. Yeni əməliyyat sistemi daha ağıllı, daha sürətli və daha güclüdür.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin bloqunda qeyd olunur. Məlumata görə, sistem "şəkildə şəkil" və avto-tamamlama kimi funksiyalarla təchiz edilib. Yeni sistemdə daha təhlükəsiz müdafiə vasitələri nəzərdə tutulub, işləmə sürəti artırılıb, enerji sərfiyyatı optimallaşdırılıb.
“Google” şirkəti cari ilin mayında keçirilmiş “Google I/O” konfransında “Android 8.0” sistemini öncədən təqdim etmişdi. Sistemdə fon rejimində işləyən proqramlar üçün yeni məhdudiyyətlər tətbiq edilib ki, bu da qurğunun işini yaxşılaşdırmağa kömək edir. Bundan başqa, sistemin dizaynı üzərində işlənilib və bildirişlərin mövcudluğunu göstərən ikonkalar üçün beyclər əlavə edilib.
“Oreo” adlı yeni əməliyyat sistemi peçenyenin şərəfinə belə adlandırılıb. Beləliklə, “Android”in hər yeni versiyasında desert və şirniyyat adlarından istifadə etmək ənənəsi davam etdirilir.