CƏMİYYƏT
Sabirabadda ümumi çəkisi 94 kiloqram olan çətənə kolları aşkar olunub VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq uğurlu əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Qaratəpə kənd sakini Ramil Əhmədovun yaşadığı evdə narkotik tərkibli kolların əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əhmədovun evinə baxış keçirilib. Baxış zamanı həmin evin həyətyanı sahəsindən ümumi çəkisi 86 kiloqram 500 qram olan 23 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb.
Axtarış tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən üç şüşə balonda, 2 sellofan torbada, iki qabda, 10 kibrit qutusunda ümumi çəkisi 3 kiloqram 200 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Həmçinin evin otaqlarından birindən qurumaq üçün asılan ümumi çəkisi 7 kiloqram 500 qram olan yeddi çətənə bitkisi də aşkar edilib.
Bundan əlavə, R.Əhmədovun üzərindən bir büküm çəkisi 0,10 qram olan heroin də aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.