SİYASƏT
İtaliyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 22 avqust, AZƏRTAC
İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Auqusto Massari etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Auqusto Massarini Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb. O, həmçinin TAP layihəsinin İtaliya ərazisində tikintisi ilə bağlı görülən işlərin son vəziyyətinə dair nazirə məlumat verib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.