CƏMİYYƏT
Azərbaycandan gələn yanğınsöndürənlər Gürcüstanda meşə yanğınlarının söndürülməsində yaxından iştirak edir
Tbilisi, 23 avqust, AZƏRTAC
Azərbaycandan gələn yanğınsöndürənlər və xilasedicilər Gürcüstanda iki gündür davam edən meşə yanğınlarının söndürülməsində yaxından iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili söyləyib.
Baş nazirin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycandan və Türkiyədən gələn helikopterlər, eləcə də Belarus və Türkiyədən gəlmiş xilasedici təyyarələr yanğınların söndürülməsində fəal iştirak edirlər. Məhz onların köməkliyi ilə yanğının üç istiqamətdən yayılmasının qarşısını almaq mümkün olub. Bununla belə yanğının miqyası çox böyükdür. Ağır texnika və yanğınsöndürənlər bütün gecəni işlərini davam etdirəcəklər. Aviasiya qüvvələri isə səhər tezdən yenidən alovun söndürülməsinə başlayacaqlar.
Azərbaycandan gələn digər qüvvələri də avqustun 23-də yanğının söndürülməsi prosesinə qoşulacaqlar.
Baş nazir Azərbaycan, Türkiyə və Belarusdan gələn yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlıq edib.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Gürcüstanın Borjomi-Xaraqul qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş xüsusi xilasetmə dəstəsi bu ölkəyə yola düşüb. Onların bir hissəsi artıq Gürcüstandadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi