REGİONLAR
“Gənc heydərçilər” Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar
Xaçmaz, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda yerləşən “Gənc heydərçilər” yay düşərgəsinin iştirakçıları avqustun 23-də Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, düşərgə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində layihə iştirakçılarına Ulu Öndərin mənalı ömür yolu, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib.
Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olan layihə iştirakçıları daha sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Onların diqqətinə çatdırılıb ki, 2013-cü ildə bu muzeyin açılış mərasimində dövlətimizin başçısı şəxsən iştirak edib. Muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxsaylı eksponatlar var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.
Düşərgə iştirakçıları, həmçinin Xaçmaz şəhərindəki parkları gəzib, xatirə fotoşəkilləri çəkdiriblər.