REGİONLAR
108 saylı Ağstafa seçki dairəsində referenduma hazırlıq işləri yekunlaşmaq üzrədir
Ağstafa, 7 sentyabr, Famil Quliyev, AZƏRTAC
108 saylı Ağstafa seçki dairəsi dairə və məntəqə seçki komissiyalarında Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının “Təqvim planına” uyğun aparılır.
Dairə seçki komissiyasının sədri Teymurlan Eyyubov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 38 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 42 min 713 seçici qeydə alınıb. Onlardan 661 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. Yüz yaşından yuxarı seçicilərin sayı isə 7 nəfərdir. Dairə üzrə ən yaşlı seçici 33 saylı məntəqədə səs verəcək Sadıxlı kənd sakini 114 yaşlı Şairova Güləbətin Əhməd qızıdır.
Dairənin bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. 8 məntəqədə veb-kamera quraşdırılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması üçün seminar-treninq keçirilib. Sentyabrın 6-dan isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb.
Seçici siyahıları, çağırış plakatları və digər təbliğat vəsaitləri məntəqələrin girişində, nəzərəçarpacaq yerdə asılıb.
Dairədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb. Səsvermənin gedişini izləmək üçün 154 yerli müşahidəçi qeydiyyata alınıb.