İQTİSADİYYAT
"PAŞA Həyat Sığorta" bu il ipoteka krediti ilə bağlı 353 min 719 manatdan çox sığorta ödənişi verib
Bakı, 20 sentyabr, AZƏRTAC
"PAŞA Həyat Sığorta" şirkəti "ipoteka götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti irihəcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyev AZƏRTAC-a bildirib ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində onun banka olan 30 min 207 manat qalıq borc məbləği "PAŞA Həyat" tərəfindən aidiyyəti banka ödənilib. Bununla da, vəfat edən müştərinin banka olan borcu tam sıfırlanıb.
E.Hüseynquluyev bildirib ki, "PAŞA Həyat" tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 15 sığorta hadisəsinə görə ümumilikdə 353 min 719 manatdan çox sığorta ödənişi verilib.
Qeyd edək ki, "PAŞA Həyat" 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.