ELM VƏ TƏHSİL
UNEC-in rektoru: Prezident təqaüdünə layiq görülən tələbələr yaşıdlarına örnəkdir
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 2017/18-ci tədris ilində UNEC-ə qəbul olunan 17 Prezident təqaüdçüsü ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor onlara təhsillərində uğurlar arzulayıb. Ölkəmizin hərtərəfli inkişafında savadlı və bacarıqlı gənclərin mühüm rol oynadığını vurğulayan Ə.Muradov tələbələrə peşəkar mütəxəssis olmaqla yanaşı, Vətənini və millətini sevən layiqli vətəndaş kimi formalaşmağı tövsiyə edib. Rektor onların Prezident təqaüdünə layiq görülməklə və UNEC-in tələbəsi adını qazanmaqla öz yaşıdlarına örnək olduqlarını vurğulayıb.
İkinci ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülənlərin 74 faizinin UNEC-in tələbəsi olduğunu diqqətə çatdıran rektor bildirib ki, onların Beynəlxalq İqtisadiyyat Məktəbini seçmələri təsadüfi deyil. Beynəlxalq İqtisadiyyat Məktəbi iki il öncə yaradılmasına baxmayaraq, ölkənin ən tələb olunan fakültəsi hesab edilir. Belə ki, fakültənin ötənilki məzunlarının 85 faizi işə düzəlib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələblərin icrası istiqamətində UNEC-də həyata keçirilən yeniliklərdən söz açan rektor London Universiteti/London İqtisadiyyat Məktəbi və Monpelye Universiteti ilə uğurlu əməkdaşlıqdan da bəhs edib. Bildirib ki, tələbələr bu ildən icrasına başlanılan UDİD proqramına qoşulmaqla 4 il ərzində iki ixtisasa yiyələnərək əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
Rektor tələbələrə elmi-tədqiqat işlərində, startap layihələrində fəal olmağa, beynəlxalq olimpiadalarda, konfranslarda iştirak etməyə, UNEC-in mübadilə proqramlarından faydalanmağa çağırıb.
Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri təqdim edilib.