REGİONLAR
Balakənli “ABAD”çı: Məqsədimiz hazırladığımız məhsulların ölkə miqyasında satışını təşkil etməkdir
Balakən, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Otuz beş ildir ki, müxtəlif meyvə və giləmeyvələrdən mürəbbə və cem hazırlayıram. Gənc yaşlarımdan daim mətbəxə maraq göstərir, anamın reseptləri əsasında mürəbbə bişirməyin sirlərini öyrənirdim. Əvvəllər cem və mürəbbələri ev şəraitində kustar üsulla hazırlayırdım. Bu isə çox vaxt və enerji tələb edirdi. “ABAD”a müraciət etdim, müsbət cavab verdilər. Sağ olsunlar, məni içərisində zəruri istehsal avadanlığı olan monoblok-konteynerlə təmin etdilər. İndi işimiz xeyli asanlaşıb. Əvvəlki dadı saxlanılmaqla, gün ərzində daha çox məhsul istehsal edə bilirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Balakən şəhər sakini Zöhrə İbrahimova söyləyib.
İbrahimovlar ailəsinin həyətyanı sahələrindən topladığı moruq, böyürtkən, tut meyvələrindən hazırladığı mürəbbə və cem öz dadı və keyfiyyəti ilə fərqlənir. Zöhrə xanımın dediyinə görə, onun hazırladığı moruq mürəbbəsi başqalarının hazırladıqlarından fərqlənir, mürəbbənin içindəki meyvələr diri qalır, əzilmir.
Ailənin ABAD-a müraciətinin əsas səbəbi mürəbbə və cem istehsalı üzrə bizneslərini daha da inkişaf etdirmək, hazırladıqları məhsulları təkcə yaşadıqları Balakən rayonunda deyil, bütün ölkə miqyasında satışa çıxarmaqdır.
“ABAD”ın əməkdaşları İbrahimovlar ailəsi üçün “Bağımızın bəhrəsi” brendini də yaradıblar. Zöhrə xanımın böyük qayğı və sevgi ilə hazırladığı bu məhsullar bazarda artıq öz dadı ilə yanaşı, həm də öz adı ilə də tanınacaq.