CƏMİYYƏT
Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsinə dair layihənin icrası başa çatıb
Tbilisi, 25 sentyabr, AZƏRTAC
BMT-nin İnkişaf Proqramının və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstan hökumətlərinin birgə həyata keçirdiyi “Azərbaycan ilə Gürcüstan arasında quru sərhədlərin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsinin icrası başa çatıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar sentyabrın 25-də Tbilisidə geniş tədbir keçirilib. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin müavini Karlo Natale layihənin əhəmiyyətini yüksək qiymətləndirib. O deyib ki, bu layihə hər iki ölkənin regionları arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayıb.
BMT-nin İnkişaf Proqramının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Niels Skott bildirib ki, bu layihə ölkələr arasında iqtisadiyyat, ticarət, turizm, təhsil və digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynayıb.
Sonra Gürcüstan sərhəd polisinin rəisi vəzifələrini icra edən Levan Çabukidze, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Fərhad Tağızadə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
BMT İnkişaf Proqramının “Sərhəd idarəçiliyi” layihəsinin Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev ölkəmizdə sərhəd sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə təqdimatla çıxış edib.
Tədbirdə Azərbaycan ilə Gürcüstan arasında sərhədlərin mühafizəsinin təşkili ilə bağlı görülən işlərdən danışılıb, həyata keçirilən tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, icrasına 2014-cü ildən başlanılan layihənin ümumi dəyəri 5 milyon avrodur. Ötən üç il ərzində layihə çərçivəsində iki ölkə arasında quru sərhədlərin mühafizəsi ilə bağlı yeni infrastruktur yaradılıb, bir sıra texniki layihələr həyata keçirilib. Həmçinin kadrların ixtisasının artırılması ilə bağlı xüsusi təlimlər təşkil olunub, bir sıra zəruri-texniki avadanlıq alınıb. Nəticədə quru sərhədlərin daha yaxşı qorunması sahəsində bir sıra uğurlar əldə olunub.
F.Tağızadə jurnalistlərə müsahibəsində deyib ki, bu layihə ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində, sərhədlərin daha yaxşı qorunmasında, kadr potensialının yaxşılaşmasında mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində sərhədçilərimiz Avropa İttifaqında səmərəli təcrübə mübadiləsi keçiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi