MƏDƏNİYYƏT
Azərbaycan Tokioda keçirilən “JATA 2017” beynəlxalq turizm sərgisində təmsil olunub
Bakı, 25 sentyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda keçirilən "JATA 2017" beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edib. Beynəlxalq sərgi çərçivəsində Azərbaycanın iştirakı GUAM-a üzv dövlətlərlə birlikdə xüsusi statusda həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 36 kvadratmetr sahəsi olan stenddə Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna və Moldovanın turizm imkanları birgə əks olunub.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin marketinq sektorunun baş məsləhətçisi Türkan İsmayılova və “AGTravel” turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.
Sərginin açılışı zamanı Yaponiyadakı səfirimiz Gürsel İsmayılzadə Azərbaycan milli stendini ziyarət edib. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində ölkəmizin mədəniyyəti, tarixi, təbiəti, turizmi, mədəni irsi haqqında reklam-çap məhsulları təqdim olunur.
Həmçinin sərgi çərçivəsində Yaponiyanın turizm sənayesinin nümayəndələri üçün ölkəmizin turizm potensialına dair təqdimat da keçirilib.