ELM VƏ TƏHSİL
“DokuBaku” beynəlxalq festivalında tamaşaçılara 17 sənədli film təqdim ediləcək
Bakı, 25 sentyabr, AZƏRTAC
Oktyabrın 12-dən 20-dək Azərbaycanda ilk dəfə “DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupu, televiziya və kino fakültəsinin tələbələrinə “Mən sərhədi keçməmişdim, sərhəd məni keçdi” filmi təqdim edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, gürcüstanlı kinorejissor Toma Çagelişvilinin filmi Gürcüstan və Osetiya arasında baş vermiş münaqişənin Çurvaleti kəndinin sakinlərinə təsirindən bəhs edir. Gürcü dilində ingilis subtitrləri ilə nümayiş olunan sənədli film “sərhəd” ilə qarşılaşan insanların həyatını əks etdirən absurd tragikomediyadır.
Qeyd edək ki, “Reallığı sınayaraq” devizi altında keçirilən festival rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Festival zamanı tamaşaçılara 17 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq.