MƏDƏNİYYƏT
“Surxan eşlari” qəzetində Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri ilə müsahibə dərc olunub
Daşkənd, 25 sentyabr, AZƏRTAC
Özbəkistanın Surxandərya vilayətindəki “Surxan eşlari” (Surxan gəncləri) qəzeti və portalında səfirliyimizin birinci katibi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu qurumun fəaliyyəti haqqında özbək dilində müsahibə verilib.
Müsahibədə mərkəzin fəaliyyəti barədə məlumat verilir, buradakı Heydər Əliyev muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluğu Muzeyindən söhbət açılır.
Bildirilir ki, Heydər Əliyev Muzeyində Ulu Öndərin Özbəkistanın birinci prezidenti İslam Kərimovla dostluğunu əks etdirən şəkillər də öz əksini tapıb.
Yazıda qeyd olunur ki, mərkəzdə Azərbaycan dili, rəqs, rəssamlıq, naxıştikmə, kompüter kursları fəaliyyət göstərir və azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də gəlib bu sənətin sirlərini öyrənirlər.
Vurğulanır ki, mərkəzin xətti ilə Azərbaycanın şair və yazıçılarının əsərləri özbək dilinə tərcümə olunur və çap edilərək yayılır.
Müsahibədə Mədəniyyət Mərkəzinin məqsəd və vəzifələrindən də danışılır, qeyd olunur ki, əsas istiqamət ölkələrimiz və xalqlarımız arasında mədəni-humanitar sahələrdə əlaqələri genişləndirmək və inkişaf etdirməkdən ibarətdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd