İDMAN
10 SENTYABR
2007-ci il. Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Layihənin müəllifi, tanınmış memar xanım Zaha Hadiddir. Müasir Bakının memarlıq simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası London Dizayn Muzeyinin "İlin Dizayni 2014" müsabiqəsinin əsas mükafatına layiq görülüb. | |
1618–ci il. Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında növbəti müharibənin (1616-1618) yekunu olaraq Mərənd sülh sazişi imzalanıb. Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş Sarab sülhünün əsas şərtləri bir daha təsdiqlənib. Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı. Lakin bu sülh də uzun sürmədi və 1625-ci ildə tərəflər arasında yeni müharibə başlandı. | |
1917-ci il. Xalq Artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk aktrisalarından biri Firuzə Əlixanovanın doğum günü (1917- 1994). Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qadın həyatını teatrla bağlayıb. F.Əlixanova ilk dəfə səhnəyə 1932-cu ildə Asya rolunda ("Arşın mal alan", Ü.Hacıbəyli) çıxıb. Dram tamaşaları ilə yanaşı, musiqili əsərlərdə də yaddaqalan səhnə obrazları yaradıb. Opera və operettalarında əsas partiyaların mahir ifaçısı olan aktrisa, həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. | |
1939–cu il. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. Bundan əlavə, yeni Jdanov (indiki Beyləqan) və İsmayıllı rayonları yaradılıb, Haciqabul qəsəbəsi Qazıməmməd və o, eyniadlı rayonun mərkəzi olub. Həmin il, həmçinin Ağstafa və Ucar rayonları da yaradılıb. | |
|
1943-cü il. İkinci Dünya müharibəsinin gedişində Almaniya ordusu Romanı ələ keçirib. |