ELM VƏ TEXNOLOGİYA


10 noyabr - Dünya Elm Günüdür

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-u Dünya Elm Günüdür. Bu tarix UNESCO-nun qərarı ilə təsis edilib. Cari ildə Elm Günü “Sülh və inkişaf naminə” devizi altında keçirilir. Bu deviz elmi inkişaf, yeni nailiyyətlər və insanların dünyagörüşünün genişləndirilməsi istiqamətində elm adamlarının gördükləri işlərlə əhalini məlumatlandırmaq, cəmiyyətin dayanıqlılığını artırmaq məqsədi daşıyır.

İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən və həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunan Dünya Elm Gününün məqsədi beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc, sabit inkişafına təsirini artırmaqdır. Davamlı cəmiyyətin yaradılmasında elm və alimlər mühüm rol oynayır, vətəndaşların elmi nailiyyətlər haqqında məlumatlandırılması və bu proseslərdə iştirakı isə vacib amillərdəndir.

Dünya Elm Günü UNESCO-nun təşkilatçılığı ilə keçirilən elmi iclas, seminar, konfrans və festivallarla qeyd olunur.

Bir çox yerlərdə olduğu kimi, bizim ölkəmizdə də bu bayram böyük qürur hissi ilə keçirilir. Azərbaycan dünya elminə böyük töhfələr bəxş edən ölkələr sırasındadır. Ölkəmizdə elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanılıb.

Bu il respublikamızın elmi ictimaiyyəti Dünya Elm Gününü ikinci Azərbaycan Elm Festivalının keçirilməsi ilə qeyd edib.

Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

Respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyan, elmi nailiyyətlərin təbliğində önəmli yer tutan festivalın keçirilməsinin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaq olub. Azərbaycanın müxtəlif bölgələrini də əhatə edən festivalda təxmini 50 min nəfər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.