CƏMİYYƏT
10 oktyabr - Dünya Psixi Sağlamlıq Günüdür
Bakı, 10 oktyabr, AZƏRTAC
Dünya əhalisinin psixi sağlamlıq problemləri ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək məqsədilə hər il oktyabrın 10-da Dünya Psixi Sağlamlıq Günü (World Mental Health Day) qeyd edilir. Bu gündə qlobal miqyasda psixi pozuntular mövzusu cəmiyyətdə daha açıq şəkildə müzakirə edilir, bu sahədə profilaktika və müalicə xidmətlərinə sərmayə qoyulmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyada 450 milyondan çox insan psixi pozuntulardan əziyyət çəkir. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat stresslərinin öhdəsindən gəldiyi, səmərəli çalısa bildiyi vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stress vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da DST tərəfindən psixi sağlamlığın pozulmasını şərtləndirən faktorlara aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də var.
Hesablamalara görə, dünyada bütün uşaq və yeniyetmələrin təxminən 20 faizinin psixi pozuntuları və ya problemləri var. Bununla belə, ölkələrin əksəriyyətində uşaq psixiatrlarının sayı çox azdır. Depressiya dünyada başlıca əlillik səbəbi olan xəstəliklərdəndir. Hər il yer üzündə orta hesabla 800 min insan intihar edir. Halbuki intiharın əksər hallarda səbəbi olan psixi pozuntuları müalicə etmək mümkündür. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Müharibələr və digər fəlakətlər də psixi sağlamlığa əhəmiyyətli dərəcədə təsir göstərir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan psixi xəstələrin sayı cəmi 4 276 nəfərdir.
Statistik rəqəmlər ötən il Azərbaycanda psixi xəstələrin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınan psixi xəstələrin sayı 2000-ci ildə 6 907 nəfər, 2005-ci ildə 5 621 nəfər, 2010-cu ildə 4 984 nəfər, 2012-ci ildə 4 948 nəfər, 2013-cü ildə isə 4 904 nəfər olub. Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 102 807 olub. 2013-cü ildə isə bu rəqəm 124 134 nəfər təşkil edib.