DÜNYA
Yaponiya və ABŞ KXDR-ə qarşı təzyiqləri artıracaqlarını bir daha təsdiq ediblər
Tokio, 17 oktyabr, AZƏRTAC
Yaponiya və ABŞ Pxenyanın siyasi xəttini dəyişdirməsi üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı təzyiqləri artıracaqlarını bir daha təsdiq ediblər.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə razılaşma Yaponiya xarici işlər nazirinin müavini Sunsuke Suqiyamanın ABŞ-dan olan həmkarı Con Salivan arasında oktyabrın 17-də Tokioda baş tutan danışıqları zamanı əldə edilib.
Koreya yarımadasında vəziyyət həddindən artıq gərgin olaraq qalır. İyulda KXDR iki dəfə ballistik raket sınağı keçirib. Bunun müqavilində ABŞ və müttəfiqləri həmin ərazidə fasiləsiz olaraq hərbi təlimlər keçirirlər. Tərəflər qarşılıqlı şəkildə kəskin bəyanatlar verərək, vəziyyətin pisləşəcəyi şəraitdə hərbi variant da daxil olmaqla hər addıma hazır olduqlarını bildirirlər.
Kyodo agentliyinin məlumatına görə, tərəflər Şimali Koreya ilə əlaqədar bütün məsələlərdə əməkdaşlığı daha da möhkəmləndirmək barədə razılığa da gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio