MƏDƏNİYYƏT
Emil Qədirov İsraildə konsert proqramları ilə çıxış edəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyası Birinci kanalının “Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı olmuş gənc vokalçı Emil Qədirov oktyabrın sonunda və noyabrın əvvəllərində İsraildə konsert proqramları ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Emil Qədirov bu məlumatı “facebook” səhifəsində paylaşıb. O, oktyabrın 27-də Hayfa, 28-də Aşdod, 29-da Rişon-le-Tsion, 31-də Netaniya, noyabrın 1-də Petax-Tikva, 4-də Karmiel, 7-də Or-Akiva, 9-da Beer-Şeva şəhərlərində çıxış edəcək.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.