CƏMİYYƏT
Köhnə yarımtikilidə külli miqdarda güclü təsiredici maddə aşkarlanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Köhnə yarımtikilidə külli miqdarda güclü təsiredici maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsi və Astara Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Astara şəhərində Azərbaycan Respublikasının vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan “Tramadol” adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı”na daxildir.
Aşkar olunan 9028 ədəd “Tramadol”un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.