ELM VƏ TƏHSİL
Gənc alimlər Cənubi Xəzər regionunun seysmikliyini müzakirə ediblər
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin növbəti elmi seminarında Cənubi Xəzər regionunda baş verən zəlzələlərinin məkan-zaman xarakteristikası və mənşəyi ilə əlaqədar tədqiqatların nəticələri müzakirə olunub.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Orxan Abbasovun sədrliyi ilə keçirilən ənənəvi seminarda müasir geodinamika və kosmik geodeziya şöbəsinin böyük elmi işçisi Aynur Zamanovanın məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi araşdırmaların aktuallığından və məqsədlərindən bəhs edib. Vurğulayıb ki, son dövrlərdə Cənubi Xəzər regionunda aparılmış geofiziki tədqiqatlar nəticəsində hövzənin çöküntü qatının, özülü və mantiyasının üst hissəsi də daxil olmaqla, 45-50 kilometr dərinliklərə qədər geoloji-tektonik quruluşunu öyrənmək və dəqiqləşdirmək böyük əhəmiyyət kəsb edir. Onun qənaətinə əsasən, seysmoloji şəraitin dəqiq təhlili əsasında alınmış yeni məlumatlar regionun geodinamik inkişafını daha dürüst təsvir etməyə imkan yaradır. Tərtib edilmiş sxemlər, kəsilişlər və yanaşmalar regionda mövcud olan müxtəlif yaşlı və tərkibli litosfer bloklarının sərhədlərinin və seysmik təhlükəli zonaların dərinlik quruluşunun araşdırılmasında, plitələrin toqquşma prosesləri ilə bağlı olan zəlzələlərin başvermə məkanlarının proqnozlaşdırılmasında, seysmik təhlükə xəritələrinin təkmilləşdirilməsində istifadə oluna bilər.