REGİONLAR
Qubadlı rayonu üzrə doqquz ayda görülən işlər müzakirə edilib
Sumqayıt, 17 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin iclas zalında cari ilin doqquz ayının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Malik İsaqov yığıncağı açaraq, görülən işlər barədə ümumi məlumat verib. Bildirib ki, məcburi köçkünlər üçün Sumqayıt, Bakı, Masazır və Ramanada yeni şəhərciklər salınır. Xəzər və Xətai rayonlarında yarımçıq tikilmiş binalarda məskunlaşan 214 ailə Masazır, Ramana və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş mənzillərə köçürülür.
Qeyd olunub ki, oktyabrın 5-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin açılış mərasimi keçirilib. M.İsaqov bu qürurverici hadisənin qubadlılılarda böyük fərəh hissi yaratdığını bildirib.
Sonra rayon icra hakimiyyətinin 9 ay ərzindəki hesabat məruzəsi təqdim olunub. Qeyd edilib ki, 2017-ci ilin doqquz ayında sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra həllivacib işlər görülüb. Belə ki, Bakı şəhəri, Xəzər rayonunda sanatoriya binasında məskunlaşan 8 ailə Abşeron rayonu, Masazır qəsəbəsində yeni mənzillərlə təmin olunub. Fərdi evlərin tikintisi ilə bağlı 16 ailə üçün icazələr alınıb. 2017-ci ilin avqust ayında Sumqayıt Dövlət Universitetinin yataqxanasında baş vermiş yanğın zamanı zərərçəkmiş ailələrə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər bir ailəyə 2 min manat, hər bir ailə üzvünə isə 100 manat yemək xərci verilib.
Hesabat dövründə rayonun ümumi gəlirləri 1 milyon 718 min 651 manat proqnoza qarşı, 1 milyon 980 min 409 manat və ya 1,1 dəfə çox icra olunub.
Yığıncaqda ayrı-ayrı sahələr üzrə görülən işlər də təhlil olunub, məruzə ətrafında müzakirələr aparılıb.