REGİONLAR
“ASAN xidmət” Ucar rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirib
Ucar, 17 oktyabr, AZƏRTAC
Ucarda “ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanırlar.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, aksiya çərçivəsində bu günə kimi bir neçə rayonda 1000-dən çox vətəndaşın müraciəti qeydə alınıb və xidmətdən yararlanan vətəndaşlara qanın kliniki analizi üçün müayinə kuponu hədiyyə olunub.