REGİONLAR
Gələn il Balakəndə tütün əkini sahələrinin 720 hektara çatdırılması nəzərdə tutulur
Balakən, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2017-ci ilin doqquz ayında mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Cari ildə rayonda 528 hektar sahədə tütün yetişdirilib. İndiyədək 1068 ton yaşıl tütün kütləsi və 94 ton quru tütün tədarük edilərək qəbul məntəqələrinə təhvil verilib. 2018-ci ildə tütün əkini sahələrinin 720 hektara çatdırılması proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə 2017-ci ilin doqquz ayının yekunları ilə əlaqədar oktyabrın 17-də Balakəndə keçirilən yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin hesabat məruzəsində bildirilib ki, cari mövsümdə rayonda 11,5 ton yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 3,7 dəfə artıb. Barama istehsalı ilə məşğul olan 115 kümçüyə 54 min 423 manat məbləğində subsidiyanın verilməsi təmin edilib. Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə bu ilin yaz aylarında rayon ərazisində 662 hektar sahədə yeni fındıq bağları salınıb. Cari ilin payız mövsümündə daha 1000 hektarda yeni bağların salınması nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, ötən müddətdə “Azəryem Sənaye” MMC tərəfindən 348,5 ton heyvan və quş yemi istehsal edilib. Katex kəndində meyvə və giləmeyvələrin quru və yarımquru emalı üzrə “Balxurma” müəssisəsinin tikilməsi xurma məhsullarının satışında uzun illər mövcud olan problemlərin aradan qaldırılmasına imkan verəcək.
Bildirilib ki, cari ilin doqquz ayında rayon ərazisində tikinti-quruculuq işləri davam etdirilib, 24 çoxmənzilli yaşayış binasında təmir işləri başa çatdırılıb. Rayonun Sarıbulaq və Mahamalar kəndlərində modul tipli yeni məktəb binaları tikilib istifadəyə verilib, Şərif kəndində 360 şagird yerlik məktəb binasının tikintisi davam etdirilib.
Yığıncaqda, həmçinin cari ilin doqquz ayında əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.