DÜNYA
Yaponiya ilə ABŞ arasında ticarət və təhlükəsizlik məsələləri müzakirə olunub
Tokio, 18 oktyabr, AZƏRTAC
Yaponiya Baş nazirinin müavini Taro Aso və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında aparılan danışıqlar zamanı bu iki ölkənin Şimali Koreyaya qarşı təzyiqləri gücləndirmək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, görüşdən sonra dərc olunan sənəddə tərəflər bəyan ediblər ki, ABŞ avtomobillərinin Yaponiyaya ixracı zamanı mövcud prosedurların sadələşdirilməsi məsələsində də razılıq əldə edilib.
Görüşdən sonra mətbuta açıqlama verən T.Aso bildirib ki, danışıqlar çox məzmunlu olub. T.Aso qeyd edib ki, Yaponiya tərəfi ABŞ ilə iqtisadi əlaqələrin gücləndirilməsi üçün konstruktiv danışıqları davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Asiya-Sakit okean regionunda təhlükəsizliklə əlaqədar artan gərginlik şəraitində iki ölkə arasında əlaqələr strateji əhəmiyyət daşıyır.
T.Aso əlavə edib ki, o və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Şimali Koreyaya qarşı sanksiyalar məsələsində əməkdaşlıq barədə də razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio