ELM VƏ TƏHSİL
UNEC “QS” təşkilatının reytinq cədvəlində 30 pillə yüksəlib
Bakı, 18 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın “Quacqerelli Symonds” (“QS”) təşkilatının 2018-ci il üçün reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionunun 161-170 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötənilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib. Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.
Məlumata görə, bu göstərici UNEC-i Avropa və Mərkəzi Asiyanın 2938 ali təhsil müəssisəsi arasında ilk (5,5 faiz) ən yaxşı universitet sırasında qərarlaşdırır. Ötən bir il ərzində UNEC topladığı balla qlobal ortalamada perfomasını 23 faiz yaxşılaşdırıb.
Azərbaycan universitetləri arasında ötən il beşinci yerdə qərarlaşan UNEC 8 indikator üzrə topladığı balları artıraraq builki nəticələrə görə iki pillə yüksəlib və ən reytinqli üçüncü universitet olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir. UNEC iqtisadyönümlü universitetlər arasında regionun dördüncü ən yaxşı ali təhsil müəssisəsi kimi bir daha statusunu təsdiqləyib.
“QS” reytinqində ən yüksək göstəricini universitetlərin akademik reputasiyası indikatoru tutur. Bu indikatorun regional reytinqdə çəkisi 30 faizdir. Akademik reputasiya indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 70 mindən çox rəy toplanıb. Akademik reputasiya indikatoru üzrə UNEC 34,1 bal toplayaraq 100-cü ən yaxşı nəticəni əldə edib.
Builki “QS” regional reytinqinin işəgötürənlər arasında reputasiya indikatorunun hesablanma metodologiyasında dəyişiklik edilib. 2017-ci ildə işəgötürənlər arasında reputasiya hesablanan zaman qlobal və yerli rəylər 50 faiz götürülüb. Həmin indikator üzrə ümumilikdə bu il 30 mindən çox rəy toplanıb. UNEC-in dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif biznes qurumlarının rəhbər və nümayəndələrinin verdiyi səsvermə əsasında bu il təxminən iki dəfəyədək irəliləyişə nail olunub. Belə ki, universitet 39,9 balla (ötən il 22,2) regionda 87-ci ən yaxşı nəticəni əldə edib.
Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə UNEC 13,3 bal (ötən il 10,8) toplayaraq regionda 120-ci ən yaxşı nəticəni göstərib.