REGİONLAR
Sumqayıtda Dövlət Müstəqilliyi Günü qeyd edilib
Sumqayıt, 18 oktyabr, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov, icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov Dövlət Müstəqilliyi Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıblar.
Qeyd olunub ki, bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib. Respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin də sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunub. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəhərdə böyük quruculuq və abadlıq işləri aparılır, infrastruktur yenidən qurulur, sosial-iqtisadi inkişaf artan templə davam edir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının gənclərdən ibarət vokal qrupun üzvləri klassik janrda milli musiqilər ifa ediblər.