ELM VƏ TƏHSİL
Azərbaycanlı alimlər Belarusda müasir metodlarla təcrübələr aparıblar
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun “Hüceyrə biofizikası” laboratoriyasının əməkdaşları Minskdə “Fundamental elmlər tibdə” mövzusunda beynalxalq elmi konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Belarus Elmlər Akademiyasının (BEA) Fiziologiya İnstitutu tərəfindən təşkil edilən konfransda AMEA-nın müxbir üzvü Xəlil Qasımov “Makrolid polien antibiotiklərin immunstimullaşdırıcı və şişlərə qarşı effekti” mövzusunda məruzə ilə çıxış edib. Tədbirə əməkdaşlarımız tərəfindən altı tezis materialı da təqdim olunub.
Azərbaycan, Rusiya, Litva, Qazaxıstan, Ukrayna və Belarusdan 70-dək nümayəndənin iştirak etdiyi tədbirdə müasir onkoloji problemlərə həsr olunan 13 məruzə dinlənilib.
Səfər çərşivəsində alimlər BEA Fiziologiya İnstitutunun “Hüceyrə texnologiyası” laboratoriyasında müasir metodlarla müştərək təcrübələr aparıb və polien antibiotiklərin klonogen şiş hüceyrələrinə təsirini öyrəniblər. Təcrübələr BEA Fiziologiya İnstitutu ilə AMEA Botanika İnstitutu arasında 2016-ci ildə bağlanan elmi saziş çərçivəsində həyata keçirilib.