REGİONLAR
Yardımlının Avur kəndində yeni məktəb binası istifadəyə verilib
Yardımlı, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq, oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Yardımlı rayonunun Avur kənd ibtidai məktəbi üçün inşa edilmiş 20 şagird yerlik yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təhsil ocağında keçirilən mərasimdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov kənd sakinlərini, məktəbin müəllim və şagird kollektivini təbrik edib.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan A.Əsgərov Dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin simasının dəyişdiyini, müasirləşdiyini, əhalinin rifah halının yüksəldiyini diqqətə çatdırıb.
Bildirilib ki, məhz bu inkişaf nəticəsində kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri uğurla həll edilir.
Mərasimdə çıxış edənlər ucqar dağ rayonu olan Yardımlının sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən, Dövlət Müstəqilliyi Günü onlara ikiqat sevinc yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.